“Birlik” – İvanovkadan yüksələn azərbaycançılıq hekayəsi

Azərbaycanın multikultural dəyərlərini və birgəyaşayış ənənələrini əks etdirən sənədli filmlər arasında “Birlik” də yer alır.

Film 2023-cü ildə Nəsimi Bələdiyyəsinin sifarişi ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində hazırlanıb.

“Birlik” sənədli filmi İsmayıllı rayonunun İvanovka qəsəbəsində yaşayan molakanların həyatından bəhs edir. Azərbaycanın sovet dövründən bu günə qədər fəaliyyətini davam etdirən yeganə kolxozu – İvanovka kolxozu filmin əsas fonunu təşkil edir. Burada yaşayan molakanlar əsrlər boyu öz dəyərlərini qoruyub, eyni zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya etməyi bacarıblar.


Əhali qədimdə yaşadıqları təqiblərdən, məcburi köçürülmələrdən, doğma hesab etdikləri Azərbaycan torpağında tapdıqları sülh və sabitlikdən bəhs edirlər. Onların vətəni Azərbaycandır.

Ümummilli lider Heydər Əliyev İvanovka qəsəbəsini iki dəfə – 1978 və 1981-ci illərdə ziyarət edib. Həmin dövrlərdə Heydər Əliyev kolxozun fəaliyyətini yüksək qiymətləndirib və onu “Əmək Bayrağı Ordeni” ilə təltif edib. Onun “Mən sizin zamininizəm” sözləri bu gün də İvanovkada yaşayan hər bir insanın yaddaşında dərin iz buraxıb.


Molakanlar bu gün də həmin inamla, eyni prinsiplərlə yaşayırlar. Onlar bildirirlər ki, Quranda və İncildə yazılanlar bir-birinə zidd deyil, əksinə – eyni dəyərləri, eyni mənəvi kökləri ifadə edir. Filmdə, həmçinin onların gündəlik fəaliyyəti, əməksevərliyi, kənd təsərrüfatına bağlılıqları və mədəni dəyərləri geniş şəkildə əksini tapır.

Bu gün İvanovka Azərbaycan multikulturalizminin canlı nümunələrindən biridir. Burada müsəlman və xristian icmaları ailə kimi yaşayır. Bu birliyin təməlində isə Ümummilli lider Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası dayanır.

Qeyd edək ki, filmin yayım hüququ “Baku TV”yə məxsusdur.