Birlikdən doğan kimlik — “Sagala”

Azərbaycanın multikultural dəyərlərini əks etdirən sənədli filmlər sırasında “Sagala” xüsusi yer tutur.

Film 2023-cü ildə Nəsimi Bələdiyyəsinin sifarişi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində çəkilib. 

Sənədli film Qəbələ rayonunun Nic kəndində yaşayan xristian udilərin həyat tərzini, dini inanclarını və adət-ənənələrini əks etdirir. Kadr arxasından deyil, birbaşa udilərin öz dillərindən səslənən fikirlər tamaşaçıya onların gündəlik həyatı, mənəvi dünyası haqqında məlumat verir. Onlar Azərbaycanda rahat və azad şəkildə yaşadıqlarını, ənənələrini qoruyub gələcək nəsillərə ötürdüklərini vurğulayırlar. Udilər üçün bir vətən var –  Azərbaycandır. Onlar burada doğulub, yaşayırlar.


“Sagala”da yalnız bir kəndin hekayəsindən bəhs edilmir. Bu film Azərbaycanın çoxəsrlik tolerantlıq ənənəsini, dinlər və mədəniyyətlərarası harmoniyanın dərin köklərini nümayiş etdirir. Qədim Qafqaz Albaniyasının varisləri sayılan udilər bu torpaqlarda islam və xristian icmalarının əsrlər boyu birgəyaşayışının canlı sübutudurlar.

Bu gün azərbaycanlılar, ləzgilər, talışlar, avarlar və inqloidlər birlikdədir, çünki birgə yaşamaq Ümumilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsindən qaynaqlanır.  

“Sagala” isə bu fəlsəfənin ekranlaşdırılmış halıdır.

Qeyd edək ki, filmin yayım hüququ “Baku TV”yə məxsusdur.